REKLAM

Siyasi bəyanat, yoxsa bir parça imzalı, möhürlü kağız?

7-08-2023, 17:28
Автор: webmaster
Просмотров: 96
Комментариев: 0
Версия для печати

Siyasi bəyanat yalnız romantiklər üçün keçərlidir. İmzalı, möhürlü kağız isə hər kəs üçün.
Əliqələmli diplomat, yoxsa əlisilahlı əsgər?

Tarix göstərir ki, əlisilahlı məsələni həll edir, ən sonra əliqələmli imza atır.

Ermənistan Baş naziri Nikol Paşinyan ətrafa müsbət enerji saçır, öpücük dağıdır. Ağrı dağının Türkiyə ərazisi olduğunu bəyan edir, şagirdlərə başa salır ki, bizim ən hündür zirvəmiz Araqatdır. Qarabağın Azərbaycanın tərkib hissəsində olduğunu az qalsın hər fürsətdə deyir.

Paşinyan hər dəfə belə danışdıqca bizim cəmiyyətdə çoxları feyziyab olur. Bir o qalıb, ekranda qol açıb oynasınlar. Məişət cəmiyyətiyik axı.

Paşinyan Ağrı dağı ilə bağlı fikir səsləndirəndə Türkiyədə bunu mövzu edən belə olmadı. Bir-iki nəfər götürüb yazdı ki, boş-boş danışma, nağılını özünə saxla, get konstitusiyanı dəyiş. İmzalı, möhürlü kağız!

Türkiyə cəmiyyəti ilə bəzən özümüzü müqayisə edirik, tanıdığımızı düşünürük. Tamamilə bir-birinə yad cəmiyyətlərik, onlar siyasiləşib, biz isə məişətin içərisində itib batırıq.

Biz də siyasi cəmiyyət olsaydıq, deyərdik ki, eyy, Paşinyan, öncə qanunlarını dəyiş, konstitusiyanızı və priambula hissəsini dəyiş, söz, dediklərinə inanacağıq. Necə ki Türkiyə demir bu sözləri de. Türkiyə tələb edir ki, konstitusiyadan çıxar!

Paşinyanın dediklərini fərqli yozanlar da var. Paşinyan öz cəmiyyətini hazırlayır, xalqının düşüncəsini dəyişməyə çalışır. Ermənistanı və erməniləri bu günə qədər ayaqda saxlayan onların ideologiyası və kilsədir. Paşinyan müharibədən sonra növbədənkənar seçkilərə getdi və qazandı. Sizcə, Paşinyan seçkiyə getdiyi kimi referenduma əminliklə gedə bilər? Sözdür də, danışır.

Ermənistanla Azərbaycan arasındakı danışıqlar, sülh heç bir masanın marağında deyil. Üç masanın üçü də Zəngəzur dəhlizini, yaxud dəhlizdən pay götürməyin dərdindədir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmasa və böyük güclər razılığa gəlsə, guya o yol təhlükədə olacaq? Ukrayna ilə Rusiya müharibə edir, kəmərlərin nə dayandığını, nə də partladıldığını eşidirik. İşlə eşqi, müharibə ilə alveri qarışdırmaq olmaz.

Üç masanın üçündə də hər şeydən danışılır, yalnız Qarabağdakı qeyri-qanuni silahlılar xaric. Onların taleyi necə olacaq?

Qarabağda təxminən 1 diviziyalıq ordu var. Həmin qeyri-qanuni silahlılar təkcə atıcı silahlara yox, həm də tanklar, toplar, hava hücumundan müdafiə sistemlərinə malikdirlər. Rusiya və Ermənistan onları silahlandırmağa davam edir.

Azərbaycan hansı addımları ata bilər?

Azərbaycanın çalışmalı olduğu ilk şey onları mülkiləşdirməkdir. Məsələ ondadır ki, onların mülkiləşdirilməsi o qədər asan deyil. Çünki onların güclü himayədarları var. Mülkiləşdirmə alınmasa, Azərbaycan hərbi əməliyyatlarla onları sıradan çıxara bilər.

Azərbaycanın qan tökməsi həmişə müsbət nəticə vermir. Öncə, Qərb ölkələrinin bəyanatları ilə üz-üzə qalınır. Digər tərəfdən, Azərbaycan əməliyyatlar zamanı itki verəndə cəmiyyətin narazılıqları ilə qarşılaşır. Ona görə də mülkiləşdirmə ən optimal variantdır.

Suallar verilir, Qarabağda qeyri-qanuni silahlıların əlindəki silah-sursat, texnika və digər avadanlığın taleyi necə olacaq?

Müharibə vaxtı qarşı tərəfdən ələ keçirilən hər şey qənimət sayılır. Faktiki olaraq, Azərbaycan Ermənistanla arasında olan sərhədin tamamilə bağlanması prosesini yekunlaşdırmaq üzrədir. Həmin silahlılar Azərbaycanın daxilindədir. O silahları Ermənistan pul verib almış olsa da, Rusiya hədiyyə etsə də, heç nə dəyişmir. Həmin silahlar, texnikalar, hər şey Azərbaycan dövlətinin balansına keçəcək. Müharibə vaxtı belə bu işlə məşğul olan qurum mövcud idi. Həmin qurum qənimətləri dövlətin inventarına keçirirdi. Oradakı silah-sursat, hərbi texnika bir neçə milyard dəyərindədir. Ona görə də bu məsələ düşündüyümüzdən də həssas məsələdir. Yeri gəlmişkən, növbəti yazını məhz bu mövzuya həsr edəcəm.

Tarix də, müharibədən sonra baş verən proseslər də onu göstərir ki, masada uğur qazanmağın yolu sahədə uğur qazanmaqdan keçir. Azərbaycan mümkün qədər sahədə təzyiqlərini artırmalıdır. Əgər bu baş verməsə, masalar da çox olacaq, masalar ətrafına yığılmalar da, bəlkə, dəhliz də açılacaq, ancaq Qarabağ olduğu kimi qalacaq.

<
Рейтинг статьи:
Нашли ошибку?   
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.